Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gözlə məni…

259

Həyat çox qəribəymiş. Xoş günlərimdə mənə bəd sürprizlər hədiyyə etdi. Gözləmədiyin halda əvvəl atamı aldı, üç il sonra səni…
İndi sən mənimçün göydəki ulduzlar qədər uzaqsan. Gözlərimdə xəyalını görürəm, sifətimdə nəfəsini hiss edirəm, amma əlim çatmır, ünüm yetmir, göz yaşlarımı silə bilmirsən. Sənə çatmağıma nə qədər yol qət etməliyəm hələ, bilmirəm. Hər şeyi sıfırdan başlamağa hazıram, təki sən yanımda olasan. Bir az da gözləyəcəm. Sonra yola çıxmağa hazırlaşacam. İzinlə gələcəm. Sən də uzaqlaşma, çox uzağa getmə. Yoxsa yenə çata bilmərəm sənə. Nə olar, elə dayandığın yerdə qal, gözlə məni.
Yuxularım mənə təsəllidir, tez-tez gəlirsən. “Axı sən niyə belə xəbərsiz getdin, mama?” sualıma susursan, gülümsəyir, əlimi və saçlarımı sığallayırsan. Heç dəyişməmisən, əksinə o qədər gözəlləşmisən ki…
Məni tərk etdiyin gecədə sənin zarafatların, qəhqəhələrin, söhbətlərin qaldı. O gün məni öpüb, bağrına basdın. “Mama, nolar, bu gecə bizdə qal”, deyə yalvardım. “İncimə, öz çarpayımda rahat yatıram, evimi istəyirəm”- dedin, pillələri tez-tez endin. Tələsirdin, ardınca xeyli baxıb, “Maşallah, daha ayaqları ağrımır deyəsən”-düşündüm. Quş kimi uçdun o gün, amma niyə xəbərsiz? Bizim birgə planlarımız vardı axı…
Bir gün öncə rayondakı toyda doyunca oynamağından, qohum-əqrabanın səni necə sevib, hörmət etməsindən ağızdolusu danışdın: “Hamı mənimlə rəqs etdi. Məni çox sevirlərmiş ay Yegiş. Qardaşımın balaları qoymurdular evə qayıdım. Dedim getməliyəm, Yeganəm məni gözləyir…”
Bu gün həyatdan köçməyinin bir ili tamam oldu. Bilirsən nə qədər sevənin gəlmişdi mərasiminə? Son vaxtlar yaxınlarına “Yegişi tək qoymayın, onun bacısı yoxdur” deyirdin. Yoxsa gedəcəyini bilirdin? İndi onların məni ovutmağa sözləri yox idi. Çünki, özləri də sənin yoxluğunla barışa bilmirlər.
Mamam, her şey yolunda gedir. Tək səninçün darıxırıq. Nur içində yat, mələk üzlüm. Səni çox sevirəm. Görüşənədək. Gözlə məni…

 

 

 

Şərhlər bağlıdır.