Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da əlamətdar günlər, silsilə tədbirlər

199

MDU Mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyevin verdiyi məlumata görə, 17 Noyabr  Beynəlxalq Tələbə və Milli Dirçəliş günləri münasibəti ilə universitetin akt zalında tələbələrin özləri tərəfindən hazırlanan ssenari üzrə bayram konserti baş tutub. Tədbirin aparıcıları Şəmsiyyə Şəmsəddinova və Nicat Fərəcov professor-müəllim və tələbələrə təbriklərini çatdırıb, universitetin beynəlxalq əlaqələr sektorunun xəttilə 2019-cu ilin fevralından Erasmus+ proqramı ilə İspaniyada təhsil alacaq Rasta Paşayeva, Rafael Hacızadə və Səidə Mahmudovaya uğurlar arzu ediblər.

Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürasının sədaları altında Azərbaycanın Dövlət Bayrağı səhnəyə gətirilib. Sonra Mingəçevir Dövlət Universiteti haqqında hazırlanan videoçarxa, Mələk Tağıyevanın rəhbərlik etdiyi rəqs qrupunun (Uşaq Yaradıcılıq Mərkəzi) çıxışına və tələbələrin ifasında avar rəqsinə baxış olub. Tələbələrdən Məlahət Bayramova “Qurban olum, Azərbaycan”, “Yandırdın qəlbimi aman”  mahnılarını, Nurəli İlyasov isə  fərqli şəkildə “Uşaq və buz” şerini ifa ediblər. Nuranə İbrahimovanın ifasında lirik bir mahnı gitarada Röyal Kərəmlinin müşaiyətilə baş tutub. Ardınca Bakı şəhərinə təhsil alamq üçün gedən tələbənin sərgüzəştlərindən bəhs edən səhnəcik oynanılıb. Ağakərim Əhmədov, Fidan Salmanova və Mübarək Aydəmirov şəhidlərə həsr olunan kompazisiyanı təqdim ediblər.

Tərbiyə işləri üzrə prorektor, dosent Rövşən Əliyev təhsildə və ictimai həyatda yüksək nəticələr göstərən 14 tələbəyə universitet rəhbərliyi adından Fəxri Fərmanları təqdim edib. 2018-2019-cu tədris ilində yüksək balla universitetə qəbul olunan Xədicə Abdullayeva, Mətanət Quluzadə və Rüfət İlyasov təhsilə göstərilən diqqət və qayğıdan bəhs ediblər.

Musiqi proqramı tələbələrin möhtəşəm flaşmobu ilə yadda qalıb.

Şərhlər bağlıdır.