Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2019-cu ilin yanvar-mart aylarında sənayenin inkişafı.

202

Azərbaycan Respublikası regionlarının inkişaf etdirilməsi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkədə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial infrastrukturun və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan vermişdir.

Mingəçevir respublikanın istər əhalisinin sayına, istər iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, həm də əsas sənaye mərkəzlərindən biridir. Digər regionlarla müqayisədə Mingəçevir şəhərində sənaye məhsulunun çeşidi daha çoxdur. Mingəçevir şəhərinin sənayesinin əsasını elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, qida məhsullarının istehsalı, rezin və plastik kütlə məmulatlarının istehsalı, maşın və avadanlıqların istehsalı sahələri təşkil edir.

Mingəçevir şəhərində sahibkarlığın inkişaf etdirilməsi, azad rəqabət mühitinin formalaşması fəaliyyətdə olan təsərrüfat subyektlərinin sayının və tərkibinin dəyişməsinə öz təsirini göstərmişdir. Şəhərdə bir çox yeni müəssisə və təşkilatlar yaranmış, rəqabətə davam gətirə bilməyən təsərrüfat subyektlərinin müəyyən hissəsi ləğv edilmiş, digər hissəsi isə öz fəaliyyət istiqamətlərini dəyişdirmişdir. “Statistik vahidlərin Dövlət reyestri” üzrə 01 aprel 2019-cu il tarixinə şəhərdə əsas fəaliyyət növü sənaye olan hüquqi şəxslərin sayı 95 olmuşdur ki, onlardan 38-i 2019-cu ilin yanvar-mart aylarında fəaliyyət göstərmişdir.

Əsas fəaliyyəti sənaye olan 38 müəssisənin işçilərinin sayına və gəlirlərinin həcminə görə 14-ü və ya 36,8 faizi iri və orta sahibkarlıq subyekti, 24-ü və ya 63,2 faizi isə kiçik sahibkarlıq subyekti sayılır.

2019-cu ilin yanvar-mart aylarında şəhərdə təşkilati hüquqi formasından asılı olmayaraq sənaye müəssisələri tərəfindən istehsal olunmuş məhsulların (natural ifadəsində) həcmi 2018-ci ilin müvafiq dövrünə nisbətən fiziki həcm indeksi tətbiq edildikdən sonra artım tempi 117,6 faiz təşkil etmişdir. 2019-cu ilin yanvar-mart aylarında kiçik sahibkarlıq subyektləri də nəzərə alınmaqla şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən fəaliyyətdə olan topdansatış qiymətlərində 89964,7 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2019-cu ilin yanvar-mart aylarında dövlət sektorunda istehsalın həcmi sənaye məhsulunun 96,7 faizini, qeyri-dövlət sektorunda isə istehsalın həcmi sənaye məhsulunun 3,3 faizini təşkil etmişdir. Ümumi sənaye istehsalının 96,9 faizi malların (əmtəələrin) istehsalı, 3,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. 2019-cu ilin yanvar-mart aylarında şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən istehsal edilmiş sənaye məhsulun həcmi respublika üzrə istehsal edilmiş sənaye məhsulun həcminin 0,8 faizini təşkil edir.

Hesabat dövründə istehsal edilmiş sənaye məhsulunun 95,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 3,3 faizi emal bölməsinin, 1,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.

İstehlakçılara əvvəlki illərin hazır məhsul ehtiyatlarının qalıqları da daxil olmaqla 90138,6 min manatlıq məhsul göndərilmiş, müəssisələrin anbarlarında 1212,3 min manatlıq hazır məhsul ehtiyatı qalmışdır ki, bu da 2019-cu ilin yanvar ayının 1-i vəziyyəti ilə müqayisədə 3,4 faiz və ya 39,8 min manat çoxdur. İstehlakçılara göndərilmiş sənaye məhsulunun 102,0 min manatını və ya 0,3 faizini ixrac olunmuş mallar təşkil etmişdır.

Şəhər sənayesinin strukturunda elektrik enerjisinin istehsalı aparıcı rol oynayır. 2019-cu ilin yanvar-mart aylarında istehsalın həcmi sənayenin ümumi məhsulunun 95,7 faizini təşkil etmiş elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 86074,3 min manatlıq məhsul istehsal olunmuşdur. 2019-cu ilin yanvar-mart aylarında ölkədə istehsal olunan elektrik enerjisinin (əmtəəlik) 37,4 faizi və ya 2285,3 milyon kvt.saatı Mingəçevirdə fəaliyyət göstərən müəssisələr tərəfindən hasil edilmişdir ki, bunun da 96,1 faizi istilik elektrik stansiyasının, 3,9 faizi su elektrik stansiyasının payına düşür. Şəhər üzrə istehsal olunmuş elektrik enerjisinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,8 faiz və ya 362,3 milyon kvt.saat çox olmuşdur. 2019-cu ilin yanvar-mart aylarında 1,0 min Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz və ya 0,1 min Qkal az olmuşdur.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-mart aylarında emal bölməsində 61,5 faizlik, sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində isə 16,8 faizlik artım, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 10,8 faizlik azalma müşahidə olunmuşdur.

2019-cu ilin yanvar-mart aylarında istehsalın həcmi sənayenin ümumi məhsulunun 3,3 faizini təşkil etmiş emal sənayesi müəssisələri tərəfindən 2940,2 min manatlıq məhsul istehsal olunmuşdur. Emal bölməsində geyim, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı; hopdurma və hörmə materialların, poliqrafiya məhsullarının, rezin və plastik kütlə məmulatlarının, tikinti materiallarının, hazır metal məmulatlarının, kompyuter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının, maşın və avadanlıqların istehsalında və maşın və avadanlıqların quraşdırılması və təmirində artım müşahidə edilmişdir. Bundan başqa qida məhsullarının, dəri və dəridən məmulatların, ayaqqabıların və mebellərin istehsalında isə azalma müşahidə edilmişdir.

Emal sənayesində qida məhsullarının istehsalının xüsusi çəkisi 4,1 faiz, geyim istehsalının xüsusi çəkisi 3,7 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalının xüsusi çəkisi 0,2 faiz, poliqrafiya məhsullarının istehsalının xüsusi çəkisi 1,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalının xüsusi çəkisi 5,4 faiz, tikinti materiallarının istehsalının xüsusi çəkisi 35,7 faiz, hazır metal məmulatlarının istehsalının xüsusi çəkisi 7,2 faiz, kompyuter, elektron və optik məhsulların istehsalının xüsusi çəkisi 9,2 faiz, elektrik avadanlıqlarının istehsalının xüsusi çəkisi 22,3 faiz, maşın və avadanlıqların istehsalının xüsusi çəkisi 10,5 faiz, sair məhsulların istehsalının xüsusi çəkisi 0,7 faiz təşkil etmişdir.

2019-cu ilin yanvar-mart aylarında cəmi istehsal edilmiş məhsulun 98,0 faizi iri və orta sənaye müəssisələrinin, 2,0 faizi isə kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrinin payına düşür. 2019-cu ilin yanvar-mart aylarında iri və orta sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 88135,0 min manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 16,7 faiz və ya 12611,0 min manat çoxdur. 2019-cu ilin yanvar-mart aylarında iri və orta sənaye müəssisələri üzrə istehsalın həcmi dövlət sektorunda sənaye məhsulunun 98,6 faizini, qeyri-dövlət sektorunda isə sənaye məhsulunun 1,4 faizini təşkil etmişdir. 2019-cu ilin yanvar-mart aylarında kiçik sahibkarlıq subyektləri tərəfindən istehsal edilmiş məhsulun həcmi 1829,7 min manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 59,4 faiz və ya 681,5 min manat çoxdur. 2019-cu ilin yanvar-mart aylarında kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrində istehsalın həcmi dövlət sektorunda sənaye məhsulunun 8,2 faizini, qeyri-dövlət sektorunda isə sənaye məhsulunun 91,8 faizini təşkil etmişdir.

2019-cu ilin yanvar-mart aylarında sənaye müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz və ya 344 nəfər azalaraq 2937 nəfər olmuşdur. Ən çox işçi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində (1752 nəfər) mövcud olmuşdur ki, bu da sənayedə çalışan cəmi işçilərin 59,7 faizini təşkil etmişdir. Emal sənayesində 547 nəfər və ya cəmi işçilərin 18,6 faizi məşğuldur. 2019-cu ilin yanvar-mart aylarında kompyuter, elektron və optik məhsulların istehsalı, elektrik avadanlıqlarının istehsalı, sair sənaye məhsullarının istehsalı, sahələrində işləyənlərin sayının artması müşahidə olunmuşdur. Mədənçıxarma sənayesi, qida məhsullarının istehsalı, geyim istehsalı, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı, poliqrafiya məhsullarının istehsalı, rezin və plastik kütlə məmulatlarının istehsalı, tikinti materiallarının istehsalı, hazır metal məmulatlarının istehsalı, maşın və avadanlıqların istehsalı, mebellərin istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində isə işləyənlərin sayının azalması müşahidə olunmuşdur. 2019-cu ilin yanvar-mart aylarında sənayedə çalışan cəmi işçilərin 91,2 faizi iri və orta sənaye müəssisələrində, 8,8 faizi kiçik sahibkarlıq subyektlərində məşğul olmuşdur. Hesabat dövründə sənaye müəssisələrində 163 nəfər işə qəbul edilmiş və 291 nəfər işdən çıxmışdır.

2019-cu ilin yanvar-mart aylarında şəhərin sənaye müəssisələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı 477,9 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 38,6 faiz və ya 133,1 manat çoxdur. 2019-cu ilin yanvar-mart aylarında dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 520,1 manat, qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı isə 255,4 manat olmuşdur.

Orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən emal sənayesində 1,5 faiz azalmış, mədənçıxarma sənayesində 2,1 dəfə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 46,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 13,5 faiz artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində orta aylıq nominal əməkhaqqının səviyyəsi bütövlükdə şəhər sənayesi üzrə orta göstəricidən 269,5 manat və ya 76,9 faiz çoxdur.

Hazırda dövlət tərəfindən sahibkarlığın inkişafına diqqətin artırılması, sahibkarların hüquqlarının qorunması, istehsalda inhisarçılığın aradan qaldırılması ilə bağlı mühüm addımlar atılır.

Şərhlər bağlıdır.