Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-ya başçılıq edən Akif Hacıyev “İlin rektoru” seçilib

262

İCMAL.az Analitik Təhlil Mərkəzi Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının texniki dəstəyi ilə “İlin rektoru” və “İlin Ali məktəbi” nominasiyaları üzrə sorğuya yekun vurub. “İlin rektoru” nominasiyasının bu dəfəki qalibi Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev olub.

Dekabrın 24-də MDU-da mükafatın təqdimetmə mərasimi keçirilib. Universitetin Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova tədbiri açaraq bildirib ki, bugünkü mərasim çox gözəl günə təsadüf edir: ”Bu gün prezidentimizin doğum günüdür. Fürsətdən istifadə edib, professor, müəllim və tələbələrimiz adından cənab İlham Əliyevi təbrik edirik. Bu gün universitetimiz daha bir sevinici yaşayır. Rektorumuz Akif Hacıyev “İlin rektoru” nominasiyasının qalibi olub”.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov maarifləndirici xarakter daşıyan bu tip sorğuların demək olar ki, bütün slavyan ölkələrində keçirildiyinə diqqəti yönəldib: “Onlarda bu istiqamətdə çox yaxşı təcrübə var. Biz də bu təcrübədən yararlanırıq. İndiyədək bir neçə istiqamətdə sorğular keçirtmişik. Bu sorğuda əsas məqsədimiz təhsildə həyata keçirilən yeniliklər haqqında cəmiyyəti, xüsusən də, vətəndaş cəmiyyəti və media nümayəndələrini məlumatlandırmaqdır, təhsilimizə olan diqqəti artırmaqdır. Sorğu faktiki təhsil sahəsində olan uğurların nəticəsi kimi dəyərləndirilməlidir”.

S,Abbasov diqqətə çatdırıb ki, sorğu QHT-nin rəsmi internet səhifəsi www.asga.az saytında həyata keçirilib: “Bu sorğu 2-3 ildən bir keçirilir. Sorğuda 10 minə yaxın vətəndaş iştirak edib. Onların 3 minə yaxını Mingəçevir Dövlət Universitetinin rektoru cənab Akif Hacıyevə səs verib. Bu münasibətlə  qalib rektora “İLİN REKTORU” diplomu, “İLİN REKTORU” medalı və rəsmi məktub təqdim edirik. Qeyd edim ki, sonuncu dəfə “İlin rektoru” nominasiyası üzrə qalib Moskva Dövlət Universiteti Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva seçilib”.

Mərasimdə çıxış edən Akif Hacıyev minnətdarlığını bildirib və bunu universitetin uğuru kimi qiymətləndirib. Akif Hacıyev qeyd edib ki, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən islahatlar, baş verən yeniliklər ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanıb: “Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin  səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçmişdir. Mingəçevir Dövlət Universiteti olaraq bundan sonra da dövlətin, ölkə rəhbərliyinin, Təhsil Nazirliyinin qarşımızda qoyduğu hər bir vəzifəni layiqincə yerinə yetirəcəyik”.

Riyaziyyat kafedrasının müdiri, dosent Sahib Mustafayev, Sənayenin təşkili və idarəetmə kafedrasının dosenti Fərman İsgəndərov və Tərbiyə işləri üzrə prorektor, dosent Rövşən Əliyev  “İlin rektoru” nominasiyasının qalibi Akif Hacıyevi təbrik edərək, ona uzun ömür, can sağlığı və fəaliyyəti dövründə yeni uğurlar arzu ediblər. Qeyd ediblər ki, bu uğur universitet kollektivinə çətin, ağır və fərəhli peşələrində  daha məsul və fədakar fəliyyət göstərməyə stimul verəcəkdir.

Şərhlər bağlıdır.