Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MTK-nın tələbələri Mingəçevirin yubileyini necə qarşılayırlar?

341

 

Mingəçevir Turizm Kollecində şəhərin 70 illik yubileyi ilə bağlı rəngarəng tədbirlər keçirilir. Yubiley tədbirlərinə oktyabrın 24-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzinə ekskursiya ilə start verilib. Ekskursiyada “Mühasibat uçotu” ixtisası üzrə İ-32 qrupunun tələbələri iştirak edib. Ekskursiyanın təşkilatçısı tarix müəllimi Eldar Dərişov ekskursantları mərkəzdə Mingəçevir şəhərindəki quruculuq işlərinə həsr olunmuş stendlərlə tanış edib. Eləcə də mərkəzin əməkdaşları tələbələrə şəhərin sənaye potensialı, Heydər Əliyevin xidmətləri barəsində ətraflı məlumatlar çatdırıb. Mərkəzin güşələrində şəhərdəki quruculuq işlərinin bütün mərhələlərini özündə əks etdirən fotosənədlərlə tanəşlıq maraq doğurub.

Daha sonra ekskursiya şəhərin “İlk qurucular” parkında davam etdirilib. Burada tələbələrə şəhərin salınmasında xidmətləri olan insanların həyat yolu barədə məlumat çatdırılıb. Ekskursiyanın rəhbəri tələbələrin Mingəçevir SES-in tikintisi, su anbarının yaradılması və s. məsələlər barədə suallarını cavablandırıb. Ölkənin ayrı-ayrı bölgələrini təmsil edən tələbələr ekskursiya zamanı Mingəçevir şəhərinin quruculuq tarixi barədə faydalı məlumatlar əldə edib.

“Mingəçevir inkişaf edir” adlı rəsm sərgisində kollecin tələbə gəncləri  yüksək həvəs və peşəkarlıq nümayiş etdirib.  Belə ki,  istedadlı tələbələr tərəfindən sərgiyə xeyli sayda məzmunlu  əl işi təqdim olunub. Bu əsərlər kollecin foyesində nümayiş olunur. Sərgi noyabr ayının 11-dək, yəni Mingəçevir şəhərinin  yekun yubiley tədbirinə kimi davam edəcək.

Kollec tələbələri ədəbiyyat müəllimlərinin təşəbbüsü ilə  “Doğma şəhərimlə fəxr edirəm” mövzusunda inşa yazı müsabiqəsinə də qatılıblar. 1-ci və 2-ci kurs tələbələrinin iştirak etdiyi müsabiqə əsl rəqabət  abu-havası yaradıb. Mingəçevirin dünəni, bu günü və gələcəyi, uğurları və diqqətə layiq gözəllikləri barədə duyğularını, arzularını qələmə almaq onların ürəyincə olub. İnşa müsabiqəsinə şəhərin yubiley bayram tədbiri  ərəfəsində yekun vurulacaq.

Şərhlər bağlıdır.