Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sağ sahildə yaşayanları nələr narahat edir?

209

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mayın 22-də sağ sahil yaşayış massivindəki Koroğlu 23, 25, Mehdi Hüseyn 12 və Nəcəf Bəy Vəzirov 16 saylı ünvanlarda yaşayan sakinlərlə görüşüb. Başçı ölkədə həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlərdən, şəhərdə aparılan abadlıq-quruculuq işlərindən danışıb: “Hazırda şəhərin sağ və sol sahillərindəki məhəllələrdə, Energetiklər qəsəbəsində böyük quruculuq işləri həyata keçirilir. Sakinlərin arzusuna uyğun olaraq, binaların dam örtüklərinin yenilənməsi ilə yanaşı, fasadları, giriş dəhlizləri, qapı və pəncərələri yenilənir. Ağacların vaxtlı-vaxtında suvarılması üçün yeni su xətləri çəkilir. O cümlədən sakinlərin arzusunu nəzərə alaraq, binalara istilik sistemi verilməsinin qaydaya salınması üçün tədbirlər həyata keçirilir. Məqsədimiz şəhərdə daha müasir formalardan istifadə etməklə insanların tələbatını ödəməyə çalışmaqdır”.

Sakinlərdən Baxış Baxışov, Almaz Cəfərova, Loğman Cəbrayılov, Nüşabə Hacıyeva, Durna Əliyeva, Adil Namazov, Elvin İsmayılov, Ballı Məmmədova, Nadir Xəlilov, Firuzə Muradova, Əntiqə İbrahimova və başqaları görülən işlərlə bağlı razılıqlarını bildirsələr də, narahatlıq yaradan məsələlərə də münasibətlərini açıqlayıblar. Bildirilib ki, ağaclar vaxtlı-vaxtında suvarılmır,  yeni ağaclar əkilmir, fiziki cəhətdən ömrünü başa vurmuş ağacların kəsilməsi və ya budanması isə ləng aparılır. Ərazilərdə asfaltlanma başa çatmayıb, binaların zirzəmiləri antisanitariya vəziyyətindədir. Məhəllənin işıqlandırılmasına,  15 saylı uşaq bağçası- körpələr evinin əsaslı təmir olunmasına ehtiyac var.

Başçı qaldırılan məsələlərə münasibətini bildirib, görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib. O,  sakinləri əmin edib ki, əməli işlər davamlı olacaq və sakinləri narahat edən problemlər vaxtında aradan qaldırılacaq.

Şərhlər bağlıdır.