Bizimlə həyatınız həmişə işıqlı olacaq!

YAP şəhər təşkilatı ötən ilki fəaliyyəti barədə hesabat verdi

257

Fevralın 4-də Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatında 2018-ci ildə görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib. Təşkilatın sədri Cavanşir Yusubov ötən il ərzində şəhər təşkilatının fəaliyyəti haqda  geniş məlumat verib. Bildirib ki,  hesabat dövründə partiya üzvlərinin fəal iştirakı ilə ulu öndərin 95 illiyi qeyd olunub, digər əlamətdar günlərlə bağlı tədbirlər gerçəkləşdirilib,  ərazi ilk partiya təşkilatları ilə mütəmadi əlaqələr qurularaq, ideoloji işlər aparılıb. İl ərzində partiya sıralarına üzv olmaq üçün müraciət edən üzvlərin sayı 228 nəfər artıb. Bunlardan 117-si gənc, 122-si isə qadınlardır. Üzvlük haqqının toplanmasında problem yaşanmayıb, əvvəlki dövrlə müqayissədə 12 faiz artım əldə edilib.

Şəhər təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev, Qadınlar Şurasının sədri Nurcamal Əsgərova, Şəhid Ailələri Cəmiyyətinin sədri İranə Həsənova da fikir və təkliflərini bildiriblər.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ötən ilin 11 aprelində keçirilən Prezident seçkilərində İlham Əliyevin qələbəsindən və partiya üzvlərinin bu siyasi prosesdə fəal iştirakından danışıb. İcra başçısı  həmçinin sosial şəbəkələrdəki xoşagəlməz hallara da diqqəti yönəldib, partiya üzvlərini, xüsusən də gəncləri ayıq-sayıq olmağa və Azərbaycanı istəməyən antimilli qüvvələrə qarşı sıx birləşməyə səsləyib: “Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir və bəzi xarici havadarlarına sığınan qara qüvvələr Azərbaycan əleyhinə çirkin kampaniyalar aparmaqla bu inkişafa mane olmağa cəhd edirlər. Lakin Azərbaycanın uğurlarının əsas zəmanəti xalqla iqtidarın birliyi və uzaqgörən siyasətdir. Çünki bu siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan xalqı hər zaman öz rəhbərinin yanındadır və onu dəstəkləyir”.

Sonda müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərarlar qəbul edilib.

Şərhlər bağlıdır.